Əfşar imperiyasının parçalanması
Əfşar imperiyasının parçalanması — Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsdlə öldürülməsindən sonra onun qardaşı oğlu Əliqulu xan (sui-qəsdi təşkil edənlərdən biri) taxt-tacı ələ keçirərək özünü Adil adı altında şah elan etdi. O, Nadir şahın bütün oğlanları və nəvələrinin edam edilməsi əmrini verdi, bircə istisna kimi isə Rzaqulu Mirzənin oğlu 13 yaşlı Şahrux sağ saxlanıldı. Bu əsnada, Nadir şahın keçmiş xəzinədarı Əhməd şah Dürrani müstəqilliyini elan edərək Dürranilər imperiyasını yaratdı. Bundan sonrakı proseslərdə imperiyanın şərq torpaqları tədricən itirildi və hal-hazırda Dürranilər imperiyasının varisi olan Əfqanıstanın bir parçası halına gəldi. Osmanlı imperiyası qarışıqlıqdan yararlanaraq əvvəlki dövrlərdə Şərqi Anadolu və Mesopotamiyada Nadir şaha itirdiyi torpaqları geri qaytardı. Şimaldakı bölgələr isə fərqli tale yaşadılar. 1744-cü ildə Nadir şah tərəfindən sadiq xidmətlərinə görə müvafiq olaraq Kaxetiyanın vəKartlinin kralı edilən II İrakli və II Teymuraz qarışıqlıqdan yararlanaraq öz müstəqilliklərini elan etdilər. II İraklı II Teymurazın ölümündən sonra Kartli taxtına da sahib çıxdı və iki krallığı Kartli-Kaxetiya krallığı altında birləşdirdi. Bu, üç əsrdən sonra ilk dəfə indiki şərqi Gürcüstanın birləşdirilməsi demək idi. Dövlətin mərkəzində tədricən qarışıqlığın durmadan artmasına görə o, Zəndlər dövründə də faktiki müstəqillik səviyyəsində olan muxtariyyətini qorumağa nail oldu.